Martın 5-də Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və ATİAHİ Gəncə şəhər komitəsinin sədri Bayram Hacıyev təhsil müəssisələrinin rəhbərləri ilə onlayn formatda görüş keçirərək məktəblərdə çalışan qadın müəllimləri Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmişlər.
8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar təhsildə qazandığı uğurlara görə, 77 nəfər müəllimə ATİAHİ Gəncə şəhər komitəsi tərəfindən Fəxri fərman və pul mükafatı təqdim olunub. Həmçinin Gəncə şəhər komitəsinin üzv təşkilatlarında çalışan 68 nəfər texniki işçi bayram münasibətilə pulla mükafatlandırılıb. Bundan başqa, 2-ci Qarabağ müharibəsində şəhid olmuş 16 nəfər təhsil işçisinin ailəsinə baş çəkilib, onlara maddi dəstək göstərilib.
Vətən müharibəsində şəhid olmuş Gəncə şəhər M.Müşfiq adına 14 №li tam orta məktəbin riyaziyyat müəllimi İsmayılov Rabil Elbrus oğlu və Gəncə şəhər M.Ş.Vazeh adına 16 №li tam orta məktəbin tarix müəllimi Məmmədov Rəşad Fərəməz oğlunun ailəsi ilə görüş təşkil olunub. Görüşdə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və ATİAHİ Gəncə şəhər komitəsinin sədri Bayram Hacıyev qadınlar bayramı münasibətilə şəhid ailələrinin xanımlarını təbrik edib, onlara müxtəlif hədiyyələr təqdim ediblər.
Tədbirlər çərçivəsində Gəncə şəhər komitəsi tərəfindən təhsilin inkişafında göstərdikləri xidmətlərə görə, 3 nəfər qabaqcıl təqaüdçü müəllimə pul mükafatı təqdim olunub.